Yeni Yasamal rayonunda yerləşən II Alatava adlanan məhəlləmizə doğru irəliləyirəm. Məhəllənin yaşlı sakinlərindən biri çıxır qabağıma. Salamlaşıb, söhbətləşirik biraz. Məhəllənin salındığı vaxtı soruşuram deyir ki, cəmisi on ildir məhəllə salınıb. Baxıram, həyət evlərinin əksəriyyəti də yeni tikilidir.
Kənarda çoxdan tərk edilmiş, köhnə 011 markalı maşının içərisində iki dost Məhəmməd və Coşqun oyun oynayır. Uşaqlar ağ rəngli, təkərləri boşalmış, qapısız və sadəcə rolu olan 011-i növbə ilə sürürlər. Daha doğrusu sürürmüş kimi davranırlar. Coşqun deyir ki, məktəbdən sonrakı məşğuliyyətləri bu maşının içərisində oyun oynamaqdı. Birazdan 4 uşaq Məhəmməd və Coşquna tərəf irəliləyir. Əllərində oyuncaq tapanca, tenis raketkası ilə onlara qoşulurlar.
Məhəllə parkının skamyasında tək oturan 51 yaşlı Arif dayı Rusiyanın Leninqrad şəhərində fermer işləyir. Özünün dediyinə görə mülk ona atasından qalıb. Məcburiyyət qarşısında deyil, sevdiyi üçün bu işlə məşğul olur. Azərbaycana xeyir iş üçün gəlib və yenidən işinin başına qayıdacaq.
Məhəllənin yaşlı sakini Reyhan nənənin əlində yumurta paketi marketdən çıxdığını görürəm. Yaxınlaşıb salamlaşıram. Reyhan Şirinova deyir ki, Fizulidən gəldiyimiz 22 ildir artıq. Xəstəxanadan yenicə çıxıb və nəfəs çatışmazlığı var. Özünün dediyinə görə SSRİ dövründə qabaqcıl pambıqçı, məhkəmədə icraçı işləyib. Hal-hazırda aldığı pensiyasının hesabına yaşayır. Reyhan nənə ilə sağollaşıb məhlə boyu irəliləyirəm.
Məhəllənin sonunda tikinti işləri gedir. Ərazidə qum torbaları, sement, daş, taxta və kənarda kiçik köşk var. Fazil bəy bu ərazidə fəhlə işləyir. Özünün dediyinə görə Politexnik İnstitutunun Mexanika fakultəsini bitirib. O dövrdə universiteti yaxşı bitirənə təyinat verilirmiş . Fazil bəy də vaxtilə Şuşada jek müdiri işləyib. İşdən ayrıldıqdan sonra maddi durum çətin olduğundan bu işlə məşğul olmağa başlayıb. 10 ildir ki, fəhləlik edir. Fazil bəyin kiçik avadanlıq köşkü də var.
Qədim tarixi haqqında danışacaq yaşlı məhəllə sakini olmaması məhəllədə bir görüntünün olmadığını göstərmədi çəkərkən. Maraqlı hekayənin sahibi insanlar yaşayır bu məhəllədə. Axşama doğru məhəllənin digər sakinləri , maraqlı hekayələri olan insanlar həyətə yığışır. Döngələrəndən birinə tərəf dönüb, yaşlı qadınların serial müzakirələrinə qulaq asa-asa həyətimizə doğru gedirəm.